Saturday, February 28, 2015

Həyatımızı nələrə sərf edirik?

Həqiqətən də düşündürücü sualdır. Saniyələr,dəqiqələr, saatlar, günlər, aylar, illər və ömrümüz.  Günlərimiz çox sürətlə keçir. Başımız qarışır işə, ailəyə, qayğılarımıza və bir də görürük ki, axşamdır, gecədir, yatmaq, istirahət  vaxtıdır. Yatmaq lazımdır ki, inşa Allah sabah üçün enerji toplayaq və yenidən fəaliyyətə başlayaq. Yenə də səhər açılır, iş- güc, hay- həşir və nəhayət yenə axşam düşür..

Keçmiş dövrlərdən fərqli olaraq indiki  sürətlə dəyişən dövrümüz bizə maddiyata çox vaxt ayırmağı aşılayır. İntensiv pul qazanmaq və intensiv xərcləmək. Çox qazan, çox xərclə. Nəticədə müəyyən rahatlığa çatmaq var və rahatlığa çatmaq üçün əzm,işləmək var. Yəni hər rahatlığın yanında, bir zəhmət var.
 Çoxumuz həyatda vaxtımızdan səmərəli istifadə etmirik. Planlarımızı, işlərimizi,qərarlarımızı kənar təsirlərlə veririk. Vaxtımızı da ən çox aparan maddi yüklənmələrimizdir. Geniş və təmtəraqlı evimiz və ev əşyaları, bahalı avtmobillərimiz, dəbdəbəli geyimlərimiz, sadə olmayan yeməklərimiz və s. İstəyirik ki, maksimum komfortluq içində yaşayaq.
 “Başqalarından niyə geri qalmalıyam ki,” məntiqi ilə  vəya “Yaxşı yaşamaq varkən, niyə narahat yaşayaq ki?” məntiqi ilə yaşayırıq. Amma düşünmürük ki, bu qədər komfortu əldə etmək və onu davamlı saxlamaq üçün də zəhmət çəkməliyik. Çox işləmək, çox qazanmaq lazımdır ki, maddi sərvətlərimiz çox olsun.
 Amma tarixdə bir qrup azlıq təşkil edən insanlar olub ki, sadə həyat tərzinə üstünlük veriblər. Bu insanlar əsasən elm əhli, filosoflar,yazıçılar və bu qəbildən olan insanlar olub. İndi də var belə insanlar. Belə insanlar maddiyata  çox vaxt sərf etməyiblər. Sadəcə bir vasitə kimi baxıblar maddi resurslara. Sadə ev, sadə yemək, sadə geyim  və s. Vaxtlarını ən çox maarifçiliyə, təmənnasız elmi yaradıcılığa və insanlara xidmətə sərf etmişlər. Öz maraq dairələri çərçivəsində uğura çatmışlar, gün ərzində vaxtlarının əsas hissəsini öz missiya və məqsədlərinə sərf etmişlər, lazımlı və düşündürücü həyat sürmüşlər,  dünyanın əbədi olmadığını idrak edib özlərini tamamilə maddiyata sərf etməmiş və dünyanın yalançı bər-bəzəyinə aldanmamışlar. Belə insanlar həyatın nəbzini tutmuşlar, rahat yaşamışlar. Daha ali mövzuların – insanlığın, yaşam fəlsəfəsinin, bu dünyadan sonrakı əbədi aləmin və s.  təhlilini aparmışlar. Şübhəsiz ki, bu həyatda ÖMÜRLƏRİNİ ƏN DÜZGÜN YAŞAYAN DA ELƏ  BU İNSANLARDIR.
 Çox vaxt insan kütlə tərzindən çıxıb təfəkkürlü həyat tərzi yaşamaq istəyəndə ona maneələr olur. Ailə üzvləri ilk növbədə qarşı çıxır. Həyat yoldaşı, valideyni və başqaları. İddialı insan bu mərhələləri keçməlidir. Çünki çoxluğun onu anlamaması tam normaldır. Ona görə də insan ailə qurarkən öz yarını tapmalıdır ki, bir- birlərinə dəstək olsunlar, bir-birini tamamlasınlar.
 Yaradılış etibarilə hər bir insan kamillik potensiyasında yaradılır. İmkanları geniş doğulur insan. Sadəcə bir çoxlarımız təəssüf ki, başımızı intensiv maddiyata sərf edirik. Yuxarıda saydığımızı məişət məsələlərinə( geyim, ev, nəqliyyat vasitəsi, maddi komfortu  üstün tutma və s.) həddindən çox vaxt və enerji sərf edirik.Yaradılış hədəfimizdən, imkanlarımızdan xəbərsiz oluruq. Bu da həyatımızın yersiz yüklənməsinə gətirib çıxarır. Çox zəruri olmayan məsələlərə vaxt çox ayırırırıq və nəticədə yoruluruq. Beləliklə enerjimizin əsası lazımi yerə xərclənmir. Halbuki sadə maddi vasitələrlə həyat məqsədimizə çata bilərik. Təəssüf ki, məqsədimizə gedən vasitələri çox şişirdirik və başımız elə vasitələrin zahirinə, bər –bəzəyinə aldanır, beləliklə ömrümüz tamam olur. Nəticə də istədiyimiz kimi olmur. Bu yaxınlarda bir araşdırma oxumuşdum.
 İnsan ölüm anında əsas 5 mövzuda peşmançılıq çəkir:
 1. Kaş ki, başqalarının məndən istədiyi həyatı yaşamaqdansa xəyallarımı gerçəkləşdirməyə cəsarətim olaydı.
Bronniyə görə, insanlar ölüm anına yaxınlaşarkən geriyə baxıb görürlər ki, xəyalını qurduqları çox şeyi həyata keçirməyiblər və buna görə də peşman olurlar.
2. Kaş ki, bu qədər çox işləməzdim.
Verə görə, xəstə kişilərin əksəriyyəti işlərinə görə ailələrinə və dostlarına lazımınca vaxt ayırmadıqlarından peşman olurlar. O, eyni zamanda bildirib ki, kişilərin ən çox istədiyi şey uşaqlarının böyüdükləri anı görməkdir.
3. Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olaydı.
Tibb bacısına görə, bəzi insanlar münasibət qurarkən öz duyğularını istədikləri kimi, ya qorxudan, ya da utancaqlıqdan ifadə edə bilmirlər. Bu da ki, insan sağlamlığına pis təsir edir.
4. Kaş ki, dostumla əlaqəmi davam etdirə bilsəydim.
Bronniye hesab edir ki, insanlar bəzən şəxsi həyatlarına o qədər bağlı olurlar ki, dostları ilə əlaqələrini bitirdiklərini görmürlər. Bu ancaq ölüm yatağında olarkən yada düşür. Yəni ki, ölmək üzrə olan insan ən çox keçmiş dostları üçün darıxırlar.
5. Kaş ki, çox xoşbəxt olmaqdan qorxmazdım.
Bronniye Ver onu da kitabında qeyd edib ki, insanlar “Kaş ki, daha çox güləydim. Kaş ki, dəlicəsinə şeylər edərdim və bundan qorxmazdım” kimi peşmançılıqlarını da dilə gətirirlər.
 Sonda bizlərə verilən ömrü səmərəli istifadə etməyi özümüzə və sizə tövsiyə edirik.

No comments:

Post a Comment